Wednesday 24 July 2013

Kişinin qadından yaşca kiçik olması xoşbəxtliyə mane olurmu? - zerifler

Kişinin qadından yaşca kiçik olması xoşbəxtliyə mane olurmu?

Başqa ölkələri deyə bilmərik, amma Azərbaycanda özündən yaşca böyük xanımla evlənən kişilər bir qayda olaraq qınanılır, gülüş obyektinə çevrilir. Çox vaxt da valideynlər belə nikahların qurulmasının əleyhinə çıxır. Əslində necə olmalıdır? Həqiqətənmi kişinin qadından yaşca kiçik olması xoşbəxtliyə mane olur?

Psixoloq Nuranə Kazımovanın sözlərinə görə, son zamanlar oğlanlar özündən iki-üç yaş böyük olan qızlarla ailə həyatı qurmağa üstünlük verir: \"Bəzi hallarda özündən 7-8 yaş böyük xanımlarla da ailə həyatı quranlara rast gəlinir. Bu, ona görə baş verir ki, özündən böyük xanımlar oğlanlara daha maraqlı gəlir. Onlarla vaxt keçirmək, söhbət etmək daha çox zövq verir. Özlərindən balaca qızlarla ünsiyyət qurduqda dünya baxışındakı fərqlilik, qızların onları anlaya bilməməsi münasibətlərə olan marağı öldürür. Çox vaxt azyaşlı qızlar oğlanlara ağılsız görünür. Düzdür, səbəblər müxtəlif də ola bilər, məsələn, əsl sevgi və ya maddi maraq da oğlanları özündən xeyli böyük xanımlarla ailə qurmasına yönəldə bilər\" deyə psixoloq əlavə edib ki, 18-19 yaşlı oğlanlar özündən böyük xanımlara meyl edirsə, burada psixoloji faktorlar böyük rol oynayır. Belə ki, bu yaşda bəzi oğlanlar sevgilisi tərəfindən də ana nəvazişini görmək istəyir. Fikir vermisinizsə, bu yaşda olan oğlanları 40-45 yaşlı qadınlarla görmək olur. Lakin statistika göstərir ki, bu yaş fərqi ilə qurulan ailələr tez dağılır.

Bir qrup özündən yaşca böyük xanımlarla ailə quran kişilər isə yaşından daha çox inkişaf edib, daha təcrübəli olurlar. Onlar həm mənəvi, həm də fiziki cəhətdən vaxtından tez inkişaf etdiyi üçün onlara özlərindən balacalarla sadəcə maraqsız olur.

Özündən yaşca böyüklərlə ailə quran kişilərin davranışını psixoloji cəhətdən müşahidə etdikdə görmək olur ki, onların sevdiyi qadına qarşı olan münasibəti iki cürdür. \"Bir tərəfdən kişi seçdiyi qadının daha ağıllı və təcrübəli olduğu üçün qürur hissi duyur, ona belə bir qadının diqqət verməsindən fərəhlənir, digər tərəfdənsə yaş fərqi çoxdursa, kişi valideynlərin, qohumların reaksiyasından ehtiyat edir. Əksər vaxt da yaş fərqi çox olanda kişiyə valideynləri deyir ki, \"Qadın tez yaşlanır. Beş ildən sonra sən ona heç baxmaq istəməyəcəksən\" və ya \"Neynirsən qoca arvaddır!\" Bu cür sözlərə hər adam tab gətirə bilməz. Ona görə də yaş fərqi azdırsa, xoşbəxt həyata ümid daha çoxdur. Yaş fərqi çox olanda isə kişi getdikcə qadından ehtiyat edir və ya onunla ailə həyatı qurmaqdan çəkinir. Əgər qadın yaşlıdırsa, bu zaman isə çox vaxt cavan oğlan ona gəlir mənbəyi kimi baxır\".

Həmsöhbətimizin dediyinə görə, bəzi qadınlar özlərindən cavan oğlanlara maraq göstərirlər. Bu marağın yaranmasına isə psixoloji problemlər təkan verir. Belə ki, qadınlar yaşlanmaqdan çox qorxur, cavan sevgili isə onun gənclik illərini, o dövrdə yaşadığı hiss və həyacanları ona qaytarır. Bəzi hallarda isə qadınlar birinci nikahı uğursuz olduğu, ərinin yaşca böyük olmasının və xasiyyətlərinin düz gəlməməsi üçün ailənin dağılması üzündən bu seçimi edirlər.

N.Kazımova bildirir ki, qadın həyat yoldaşından yaşca böyükdürsə, münasibəti qoruyub saxlamaq üçün özünə baxmalı, daha gənc görünməyə çalışmalıdır. Belə ki, qadınlar həqiqətən də çox vaxt kişidən daha tez yaşlandığı üçün gənc oğlanın sevgisini saxlamaq çətinləşir. Ona görə də bu cür qadınlara daim idman etmək, tez-tez gözəllik salonlarına və mərkəzlərinə getmək məsləhətdir. Bu halda qadın geyim seçərkən də həyat yoldaşının zövqünü nəzərə almalı və onu daha gənc və gözəl göstərən geyimlər seçməlidir. Xarici görünüş kimi, qadının daxilən özünü necə hiss etməsi də mühümdür. Qadın da gənc həyat yoldaşının məşğuliyyətləri ilə maraqlanmalı, birgə əylənməli, özünü onun yaşına uyğun hiss etməyə çalışmalıdır.

Əgər xanım həyat yoldaşından yaşlıdırsa, onun ailə üzvləri və qohumları ilə isti münasibət yaratmalıdır. Psixoloqun dediyinə görə, xanım səbrli olmalı və onun yaxınlarının rəğbətini qazanmağa çalışmalıdır. Ona görə ki, yaxınları onun haqqında pis fikirlər söylədikcə həyat yoldaşının ona qarşı olan münasibəti korlana bilər.

N.Kazımovanın sözlərinə görə, yaşlı qadınların münasibətlər zamanı buraxdığı başqa bir səhv isə özünü qayğıkeş ana kimi aparmasıdır. Belə ki, məhz ailədə uşaq kimi qəbul olunan kişilər belə münasibətə son qoyurlar. Düzdür, insan sevdiyi insana qayğı göstərmək istəyir. Lakin hər şeyin ifratı insanı bezdirir. Yaş fərqi olanda qısqanclığı da büruzə vermək məsləhət deyil. \"Ola bilsin ki, gənc xanımlar tez-tez cavan oğlana diqqət göstərəcəklər. Bunu isə hər qadın qəbul edə bilmir. Qısqanclıq üzündən cütlük arasında yaranan mübahisələr isə münasibətin soyuması, həyat yoldaşının həqiqətən də özündən cavanlara meyl etməyə başlaması ilə nəticələnir. Çox vaxt bu cür vəziyyətlərlə üzləşən qadın yanlış olaraq ərini də qısqandırmağa çalışır ki, bu da arada olan inamın qırılmasına gətirib çıxarır. Əslində isə psixoloji baryerləri keçərək, komplekslərə qapılmadan xoşbəxt yaşamaq mümkündür\".



/ekspress.az/


http://Zerifler.com saytında oxu

//http://zerifler.com

No comments:

Post a Comment